Uçuq (Herpes)

Uçuq nədir?
Uçuq kiçik sahədə qabarmış içi maye ilə dolu ağrılı suluqdur. Əsasən dodağın dəriyə keçən yerlərində rast gəlinir. Suluqlar ağrılıdır, quruyaraq sari qabıq qoyur və bir neçə günə sağalır.
Uçuqlar əsasən dodaqlarda olur, lakin digər nahiyyələrdə də (burun dəlikləri, burun və ağız kənarında) rast gəlinə bilər. Adətən 5-7 gün davam edir və təkrarlanır. Əksər insanlarda ildə 1-2 dəfə əmələ gəlir.
Uçuğa necə yoluxuram?
Uçuq Sadə Herpes (Herpes Simplex) virusuna yoluxduqdan sonra əmələ gəlir. Bu virusa əsasən uşaqkən ya da yetkinliyin ilk vaxtlarında yoluxulur və xəstəlik qızdırma ilə müşayət olunan ağız səpkiləri (birincili herpetik gingivostomatit) ilə keçirilir.
Birincili əlamətlər olan şəxslərin təqribən 1/3-ində gələcəkdə uçuq əmələ gəlir. Buna baxmayaraq, uçuq əmələ gələn şəxslərin də çoxunda birincili yoluxma əlamətləri olmur.
Uçuqlar necə əmələ gəlir.
Uçuqlar adətən insanlar zəiflədikdə və digər xəstəliklərə yoluxduqda əmələ gəlir. Günəş şüaları və ultrabənövşəyi işıq bir çox hallarda uçuqların əmələ gəlməsinə səbəb olur. Nadir hallarda qadınlar uçuqların yaranmasını menstural dövrün hansısa mərhələsi ilə əlaqələndirirlər.
Uçuqlar yoluxucudurlarmı?
Bəli. Uçuq yoluxucudur və yaxın təmas ilə yoluxa bilir. Ən yoluxucu dövrü suluqlayanda olur. Virusu əlinizlə digər insanlara və nadir hallarda olsa belə öz gözlərinizə yoluxdura bilərsiniz deyə, suluqlara toxunmamaq lazımdır. İnfeksiyanın yayılmaması üçün suluqları sıxmayın və partlatmayın.
Uçuqlar müalicə olunurmu?
Bəli. Virus əleyhinə məlhəmlərlə (Məsələn: asiklovir və pensiklovir) ağrını və suluqlamanı azalda və sağalmanı tezləşdirə bilərsiniz. Məlhəmləri uçuqların əmələ gəlməsinin ən erkən vaxtlarından istifadə edin.
Qarşısını necə ala bilərəm?
Virusa yoluxduqdan sonra uçuğun əmələ gəlməsinin qarşısını alacaq bir şey yoxdur. Virus bədəndə qalır və periodik uçuqlar əmələ gəlir. Uçuqların əmələ gəlmə tezliyi fərdi xarakter daşıyır. Əgər günəşin təsirini uçuqların əmələ gəlməsi ilə əlaqələndirirsinizsə günəş kremlərindən istifadə etmək bir çıxış yolu ola bilər.
Uçuqlar əmələ gəldikdə həkimə müraciət etmək lazımdırmı?
Uçuqlar adətən heç bir müalicəsiz bir həftəyə özü sağala bilir. Lakin sizin immun sistemini zəiflədəcək xəstəliyiniz varsa və ya uçuqlar iki həftəyə sağalmırsa həkimə müraciət edin. Əgər uçuqlar tez-tez yaranırsa onda həkiminiz sizə virus əleyhinə dərmanlar təyin edə bilər.
Uçuqlarım var və stomatoloqa getməliyəm. Məni qəbul edəcəklərmi?
Uçuq varsa və stomatoloqa getməyinizə az vaxt qalıbsa əlaqə saxlayıb dəqiqləşdirməniz lazımdır. Bəzi stomatoloqlar suluqlar olan dövrdə pasiyentləri qəbul etmirlər. Buna səbəb isə müalicə zamanı yaranan ağrı, çatlama və qanamadır.
Laktasiya dövründəyəmsə?
Süd verməni dayandırmayın. Lakin, aktiv uçuq varkən körpənizi öpməyin xüsusilə də ağıza yaxın yerləri. Çünki bu yolla virusu körpənizə ötürmüş olarsınız.
Uçuqlar yalnız ağız ətrafındamı olur yoxsa bədənin digər yerlərində də ola bilər?
Uçuqları əmələ gətirən virus bədənin digər yerlərində də (barmaqlar, gözlər və cinsiyyət orqanları) oxşar xəstəliklər törədə bilər. Bu səbəbdən də virusu bədənin digər hissələrinə yaymamaq üçün uçuqlara toxunmamaq lazımdır.